Xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev haqqında, onun Azərbaycan tarixində yeri, dövlət quruculuğunda müstəsna rolu, ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanmasında misilsiz xidmətləri barədə bir yazıda bəhs etmək mümkün deyil. Çünki söhbət ömrünü xalqına və dövlətinə həsr etmiş dahi şəxsiyyətdən gedir. 1993-cü ildə xalqın istək və tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev nəinki ölkəmizdə sabitliyin bərqərar olmasına nail oldu, həmçinin dahi şəxsiyyətin rəhbərliyi altında Azərbaycanın beynəlxalq aləmdə tanınmasına və inkişafına yönəlmiş müstəqil xarici siyasətin əsası qoyuldu. Həmin dövrə qədər səriştəsiz rəhbərlərin yarıtmaz siyasəti nəticəsində ölkəmizin beynəlxalq arenadakı nüfuzu, demək olar ki, çox aşağı səviyyədə idi, aparıcı dövlətlərlə əlaqə və münasibətlər heç də ürəkaçan deyildi, hətta bəzi ölkələr Azərbaycan adlı məmləkəti tanımırdı. Belə bir vaxtda hakimiyyətə qayıdan Ulu Öndər qətiyyətli addımlar ataraq ölkə qarşısında duran mühüm məsələ kimi milli maraqlara əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsini önə çəkdi. Beynəlxalq təşkilatlarla yanaşı, xarici dövlətlərlə bərabərtərəfli əlaqələrin qurulması və münasibətlərin yaradılması qarşıda duran prioritet məsələlərdən idi ki, bunun da öhdəsindən Ulu Öndər Heydər Əliyev layiqincə gəldi. Məhz Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti Azərbaycanı dünya dövlətləri birliyinə bağladı, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini təmin etdi və Azərbaycanı dünya miqyasında müstəqil dövlət kimi tanıtmağa nail ola bildi. Heydər Əliyevin xarici siyasət strategiyasının prioritetləri sırasında qonşu dövlətlər başda olmaqla, dünyanın bir çox dövlətləri ilə qarşılıqlı münasibətlərin genişləndirilməsi önəmli yer tutmuşdur. Türkiyə, Pakistan, Rusiya, Gürcüstan, İtaliya, Böyük Britaniya, ABŞ, Çin, İsrail, Misir kimi dövlətlərlə diplomatik əlaqələrin yaradılması dövlətimizin beynəlxalq arenada nüfuzunun artmasına, inkişaf etmiş ölkələr sırasına çıxmasına təkan verdi. İqtisadiyyatı tamamilə iflic vəziyyətinə salınmış bir ölkəni dirçəltmək və inkişaf etdirmək böyük hünər və cəsarət tələb edirdi. Dünya dövlətləri ilə qarşılıqlı münasibətlərin qurulması, ölkəmizə investisiyaların yatırılması baxımından çox vacib və eyni zamanda çətin idi. Belə ki xarici dövlətlər Azərbaycanın ovaxtkı durumunu nəzərə alaraq investisiya qoymaqdan çəkinirdilər. Ancaq Ulu Öndər Heydər Əliyevin xarici səfərləri, keçirdiyi çoxsaylı görüşləri sayəsində aparıcı dövlət və şirkətlər ölkəmizlə əməkdaşlıq etməyə razılıq verdilər. Bunun nəticəsi olaraq 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi” neft kontraktı imzalandı ki, bununla da ölkəmizin gələcək iqtisadi inkişafı ilə bərabər onun beynəlxalq nüfuzunun və imicinin artmasının da təməli qoyuldu. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər dövlətimiz üçün həlledici oldu. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyuldu. Bu gün Ulu Öndəri böyük hörmət və məhəbbətlə anırıq. Azərbaycan var olduqca Ümummilli Lider Heydər Əliyev də var olacaq.
Zülfü Quliyev,
Xocalı rayon ziyalısı